“DigitALL:İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib

alarm Created with Sketch. 06-03-2023

6 mart 2023-cü ildə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “DigitALL:İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib. Konfrans İsveç Krallığının Azərbaycandakı Səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və “Gender Hub Azerbaijan”ın birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rəqəmsal dünyada yaranan gender fərqinin sosial və iqtisadi bərabərsizliyin genişləndirilməsinə olan təsirlərdən danışılıb. Konfransın panellərində rəqəmsal dünyada gender bərabərliyi, qadınların rəqəmsal sahədə inkişafı, kibertəhlükəsizlik kimi mövzular yer alıb. Açılış nitqi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnara Vəliyeva çıxış edib. İRİA rəhbəri öz çıxışında ölkədə qadınların texnologiya sahəsinə marağı və innovativ həllərlə çıxışı, Azərbaycanın regionda rəqəmsal və innovativ mərkəzə çevrilməsində qadınların rolu, İRİA-nın həyata keçirdiyi proqramlarda, dəstəklədiyi layihələrdə xanım təşəbbüskarların sayının artması məsələlərinə toxunub.

Onunla yanaşı, konfransda Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld OBE, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Fransanın Azərbaycandakı səfiri Anne Boilon, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreva, “Gender Hub Azərbaycan”ın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova və digər rəsmi qonaqlar iştirak edib. Ümumilikdə Konfrans səfirləri, Azərbaycanda rəqəmsal transformasiyanı təbliğ edən qadın liderləri, Bakı və regionlardan olan 40 gənc qadını, gender aktivistlərini və vətəndaş İcmalarının təmsilçilərini bir araya gətirib. İştirakçılar vorkşoplara qatılma, digər qadın liderlərlə şəbəkələşmə fürsəti əldə edib, eyni zamanda rəqəmsallaşma sahəsində gender əsaslı stereotiplərin qırmağa davam etmək və rəqəmsal vasitələrlə yaradılan gender əsaslı zorakılığa qarşı birləşmək üçün maarifləndiriliblər.