Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk “Məzun Günü” baş tutub

alarm Created with Sketch. 24-07-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı və “Pasha Holding” şirkətlər qrupunun dəstəyi ilə 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk "Məzun Günü" baş tutub.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, “Technion” İnstitutunun nümayəndə heyəti, eyni zamanda bir sıra qurum və şirkətlərin rəsmi nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan nazir müavini Samir Məmmədov müasir dövrdə kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq AKM-in birinci ili ərzində fəaliyyəti haqqında ətraflı məlumat verib.

Çıxışçılar arasında yer alan İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik İsrailin məşhur “Technion” İnstitutu ilə əməkdaşlıqda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını kibertəhlükəsizlik problemlərinin həllində beynəlxalq əməkdaşlığın gücünün sübutu kimi qiymətləndirib. “Məzun Günü”ndə, həmçinin təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub. Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Qeyd edək ki, ötən il Mərkəzə müraciət etmiş 2300 şəxsdən 60 nəfər bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə edib. Tələbələr müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. İngilis dilində tədris edilən dərslər İsrailin aparıcı elmi mərkəzi olan “Technion” İnstitutunun professor heyəti tərəfindən keçirilir. 6 ay davam edən təlim müddəti ərzində tələbələr səhər 9-dan axşam 6-ya qədər AKM-də keçirilən əyani dərslərə cəlb olunublar. Onu da qeyd edək ki, növbəti 3 il ərzində Mərkəzdə 1000-ə yaxın kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması gözlənilir.