Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Login”

“ASAN Login” sistemi dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Vahid Giriş Sistemidir. Yeni e-Gov infrastrukturunun əsas hissələrindən biri olan bu sistem vasitəsi ilə istifadəçilər bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş portalların xidmətlərindən asanlıqla yararlana bilirlər.

ASAN Login” sisteminin üstünlükləri: 

Sistem vasitəsilə istifadəçilər müxtəlif hökumət və qeyri-hökumət portallarında öz şəxsi kabinetlərinə daxil olmaq üçün çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyətində qalmır. 

Müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır. 

Bundan başqa, sistem istifadəçiyə öz səlahiyyətlərini vahid mərkəzdən idarə etməyə imkan verir. 

İstifadəçi “ASAN Login” sistemindən çıxış edərkən bütün daxil olduğu sistem və portallardan avtomatik olaraq çıxış etmiş olur. Bu isə təkrarçılığın qarşısını alır və zamana qənaət edir.

Sistemdən istifadə üçün ilkin olaraq www.asanlogin.my.gov.az saytına daxil olmaq lazımdır.

“ASAN Login” sisteminə hal-hazırda 4 üsul ilə daxil olmaq mümkündür. 

İdentifikasiya nömrəsi ilə, 

ASAN İmza, 

Elektron İmza və 

BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) elektron İmzası ilə

İdentifikasiya nömrəsi ilə giriş:

“İdentifikasiya nömrəsi ilə” dedikdə Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN-kodu, qeyri-rezidentlər üçün “Virtual İdentifikasiya nömrəsi”, “Müvəqqəti və ya Daimi Yaşamaq icazəsi” sənədinin nömrəsi nəzərdə tutulur. “İdentifikasiya nömrəsi ilə” giriş zamanı istifadəçi “İdentifikasiya sənədi” – nin nömrəsini və öncədən təyin etdiyi şifrəni daxil edərək sistemə giriş edə bilər.

Qeydiyyat:

Sistemdə qeydiyyat 2 formada həyata keçirilir:

1. Mobil nömrə vasitəsilə

2. Video vasitəsilə

Mobil nömrə ilə qeydiyyat: Bu zaman identifikasiya sənədinin nömrəsi (FİN) və həmin FİN-ə bağlı olan (yəni öz adına olan) işlək mobil nömrənin olması tələb olunur. Sistemə daxil etdilən mobil nömrəniyə təsdiqləmə kodu göndərilir və həmin kodu müvafiq xanaya daxil etməklə qeydiyyat tamamlanır.

Mobil nömrə ilə qeydiyyatla bağlı təlimat videosuna burada baxmaq mümkündür: https://youtu.be/aqcALD1jT7k 

Mobil nömrəsi öz adına olmayan şəxslər isə “İdentifikasiya nömrəsi ilə” bölməsində yaradılmış videoqeydiyyat vasitəsilə qeydiyyatdan keçə bilərlər. Beləliklə, videoqeydiyyat öz adına mobil nömrə olmayan şəxslərə də elektron xidmətlərə müraciət etmək imkanı yaradır. “ASAN Login” də artıq qeydiyyatdan keçmiş istifadəçilərin isə videoqeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Videoqeydiyyatla “ASAN Login”də qeydiyyatdan keçmək istəyən şəxslər təlimat videosu ilə tanış ola bilərlər: https://youtu.be/UCBVu2hyzv8 

Bundan əlavə şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan istifadəçilər videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu: https://youtu.be/25RQRegUeFQ     

“Asan imza” ilə giriş: “Hesabınıza asan imza ilə daxil olun” bölməsi seçilir, açılan pəncərədə ASAN imzaya bağlı mobil nömrə və istifadəçi İD-si müvafiq xanalara daxil edilir və “Daxil ol” düyməsi sıxılır. Qeyd olunmuş mobil nömrəyə sistem tərəfindən SMS vasitəsi ilə yoxlama kodu göndərilir. Ekranda görünən şifrə ilə mobil nömrəyə göndərilən şifrənin eyniliyi yoxlanılır və mobil telefonda “OK” düyməsi sıxılır. Daha sonra PİN1 kodu daxil edilir və yenidən “OK” düyməsi sıxılır. Asan imza əldə etmək üçün mobil operatorların müştəri xidmətlərinə müraciət edə bilərsiniz.

Elektron imza ilə giriş:

Elektron imza ilə hesaba daxil olmaq üçün ilkin olaraq e-imza.az saytından mərkəz setifikatları və elektron imzanın daxilində olan tətbiq kompüterə yüklənir. Elektron imza tokeni kompüterə taxılır, “hesabınıza elektron imza ilə daxil olun” bölməsi seçildikdən sonra “Daxil ol” düyməsi sıxılır. Sertifikat pəncərəsində imza sahibinin məlumatları seçilir və “Ok” düyməsi sıxılır. Açılan pəncərədə elektron imzanın şifrəsi daxil edilir və “Ok” düyməsi sıxılır. Portalda “Daxil ol” düyməsi seçilir və Asan login sisteminə giriş edilir.

Elektron imza əldə etmək üçün Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə, həmçinin e-imza.az saytından onlayn sifariş edə bilərsiniz.

Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) imzası ilə giriş:

Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imzası sertifikatı ilə hesaba daxil olmaq üçün elektron imza sertifikatı əldə edilməli, e-cbar.az saytından zəruri proqram təminatı, drayver və kök sertifikatları kompüterə yüklənməlidir. “Hesabınıza BSXM-nın imzası ilə daxil olun” bölməsi seçildikdən sonra kart oxuyucuya daxil edilir və “Daxil ol” düyməsi sıxılır. Sertifikat pəncərəsində imza sahibinin məlumatları seçilir və “Ok” düyməsi sıxılır. Portalda “Daxil ol” düyməsi seçilir və Asan login sisteminə giriş edilir.

Elektron imza əldə etmək üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə, həmçinin bsxm.e-cbar.az saytından onlayn sifariş edə bilərsiniz.

“ASAN Login” istifadəçiləri bura inteqrasiya olunmuş sistemlərdən daxil olmaq istədiyi portalın adı olan bölmənin üzərinə sıxmaqla, avtomatik giriş edə və portalda göstərilən xidmətlərdən yararlana bilərlər.

Eyni zamanda sistem istifadəçiyə giriş etdiyi aktiv sessiyaları görmək, şifrəsini dəyişmək, öz adına olan yeni mobil nömrəni kabinetinə əlavə etmək kimi imkanları təqdim edir. “ASAN Login” - vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün yaradılmış sadə, rahat, güvənli Vahid Giriş Qapısıdır.

“ASAN Login” sistemi ilə bağlı yaranan suallara asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaq və ya 108 “Çağrı” Mərkəzindən məlumat almaqla cavab tapmaq olar. Həmçinin, ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində “Rəqəmsal xidmət pəncərəsi” nə aidiyyatı mövzuya uyğun yaranmış suallarla bağlı müraciət etmək mümkündür.