Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM əməkdaşlarının 7-ci beynəlxalq indeksli elmi məqaləsi dərc olunub

alarm Created with Sketch. 22-07-2021

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Data laboratoriyası departamentinin əməkdaşı Ümid Süleymanovun elmi məqaləsi “Springer” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” kitab seriyasında çap olunub. Məqalə ADA Universiteti və Kolumbiya Universitetindən olan tədqiqatçılarla birgə hazırlanıb.

“Training and Evaluation of Word Embedding Models for Azerbaijani Language” başlıqlı elmi məqalədə maşın öyrənməsi arxitekturalarının tətbiqi ilə Azərbaycan dilində sözlərin davamlı vektor reprezentasiyalarının (continous vector representations) öyrənilməsindən bəhs edilir. Məqalədə, həmçinin öyrənilmiş söz vektorlarının (word embeddings) Azərbaycan dilində olan təbii dilin emalı tapşırıqlarındakı nəticələri öz əksini tapıb. Görülən işlər çərçivəsində Azərbaycan dilində yazılmış xəbərlər, romanlar, hekayələr, bədii əsərlər və digər çoxsaylı yazılı nümunələrdən ibarət 164 milyonluq böyük bir korpus hazırlanıb. Növbəti mərhələdə böyük həcmli datalar əsasında maşın öyrənməsi modelinə Azərbaycan dilinin toplanan vektor reprezentasiyaları öyrədilib. Hazırlanan maşın öyrənməsi modeli Azərbaycan dilində olan xəbər məqalələrinin kateqoriyalarının təyin edilməsi üçün tətbiq edilib. Model məsələnin həllində 86% dəqiqlik göstərib.

Bu məqalə EHİM-in Data Laboratoriyası departamentinin Təbii Dilin Emalı (Natural Language Processing) sahəsində tədqiqatlarının nəticəsi olaraq nəşr edilən 7-ci beynəlxalq indeksli elmi məqaləsidir. Məqalə üçün keçid linki: https://link.springer.com/chapter/10.1007/978-3-030-74728-2_4  

Cari ilin aprel ayında EHİM-in əməkdaşları - Samir Məmmədov və Ümid Süleymanov Beynəlxalq Data Analizi Olimpiadasında (IDAO) 648 komanda ilə yarışda final mərhələsinə vəsiqə qazanaraq, 30 komanda arasında 13-cü yeri tutublar.

Qeyd edək ki, EHİM öz fəaliyyətində süni intellektin inkişafına böyük diqqət ayırır. Bu məqsədlə Mərkəzin nəzdində Data laboratoriyası departamenti fəaliyyət göstərir. Həmçinin, data əsaslı həllərin hazırlanması, müvafiq istiqamətlərdə araşdırmaların aparılması, müsabiqə və yarışlar təşkil olunur. Bu ilin aprel ayında EHİM “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans təşkil edib. 22 ölkədən 58 spikerin çıxış etdiyi beynəlxalq tədbirdə 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.