Çağrı Mərkəzi

Elektron Hökumət üzrə İcra Qrupunun Kibertəhlükəsizlik alt Qrupunun ilk görüşü keçirilib

alarm Created with Sketch. 06-03-2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun tərkibində yaradılan Kibertəhlükəsizlik alt Qrupunun ilk görüşü keçirilib.

Tədbirdə Dövlət Agentliyinin şöbə müdirinin müavini Ulduzə Xəlilova dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyası zamanı kibertəhlükəsizlik məsələlərinə diqqət edilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib.

Tədbirin birinci hissəsində Azərbaycan Respublikasının Xüsusi Dövlət Muhafizə Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi idarəsinin rəisi Tural Məmmədov “Dövlət informasiya resurslarında təhlükəsizlik tədbirləri” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Oh Byeongho tərəfindən “GDRP-nin tətbiqində Cənubi Koreya Respublikasının təcrübəsi” (Korean Government’s Support for the GDPR Response) mövzusunda təqdimat edilib, İcra Qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.

Sonra Elektron Hökumətin İnkişaf Mərkəzinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Məhəmməd Rüstəmzadə tərəfindən OWASP metodologiyası və veb-tətbiqetmələrinə sızma testləri barədə nəzəri məsələlərlə bağlı məlumatlar paylaşılıb.

Kibertəhlükəsizlik alt Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Elektron Hökumət üzrə İcra Qrupunun tərkibində formalaşdırılıb. Qrupda 30-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunur.