Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

"ASAN xidmət"in nümayəndə heyəti Böyük Britaniyada

alarm Created with Sketch. 16-06-2022

13-15 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik ediyi nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib.

Səfər 2021-ci ilin may ayında Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində əməkdaşlıq barədə Bakı şəhərində imzalanmış Niyyət Protokolu çərçivəsində həyata keçirilib.

Səfər zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidmətinin (“GDS”) rəsmiləri ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə görüş keçirilib. İstifadəçi yönümlü xidmət dizaynı, data idarəedilməsi və effektiv əlaqələndirilməsi məsələləri müzakirə olunub, əməkdaşlıq prioritetləri müəyyənləşdirilib.

Dövlət Agentliyinin nümayəndə heyəti London Texnologiya Həftəsi çərçivəsində təşkil edilmiş “Qlobal Liderlərin İnnovasiya üzrə Zirvə Görüşü”ndə də iştirak edib. Tədbirdə dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbər nümayədələri, eləcə də Böyük Britaniya və müvafiq sahə üzrə digər qabaqcıl ölkələrin dövlət xadimləri iştirak ediblər.

Nümayəndə heyəti, həmçinin Londonda baş tutan Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasına qatılıb. Tədbirdə hər iki ölkənin özəl və dövlət sektorunun nümayəndələrinin iştirakı ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. İclasda “ASAN xidmət” modelinin uğurları və ölkəmizdə elektron hökumətin inkişafı sahəsində görülmüş işlər xüsusi vurğulanıb.

Səfər çərçivəsində bir sıra qabaqcıl rəqəmsal həllər təklif edən beynəlxalq şirkətlərin nümayəndələri ilə də görüşlər keçirilib.