Call Center

Haqqımızda

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.

Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.

Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılmış və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunmuşdur.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” portalı vasitəsilə təşkil edir. Eyni zamanda “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etməklə yanaşı təkmilləşdirmə tədbirlərini də davam etdirir. Sözügedən tədbirlər vahid elektron kabinet və onun daxilindəki digər funksiyaları əhatə edəcək “Elektron hökumət”in yeni modeli çərçivəsində həyata keçirilməkdədir.

Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Finans, ASAN Wifi, e-Agro və quruculuq işləri davam edən digər layihələrinin fəaliyyətini təmin edir.