Call Center

Sahibkarlara dövlət satınalmaları ilə bağlı onlayn təlim keçirilib

alarm Created with Sketch. 07-08-2019

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları tərəfindən dövlət satınalmaları ilə bağlı onlayn təlim keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar, www.etender.gov.az  internet portalı və ondan istifadə barədə məlumatlandırılıblar.

Onlayn maarifləndirmə tədbirindən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb.

Sahibkarlar onlayn maarifləndirmə tədbiri barədə əvvəlcədən aidiyyatı qurumların sosial şəbəkələrdəki səhifələri və KİV vasitəsilə məlumatlandırılıblar.