Lang Azərbaycan
Ehim

6 iyul 2020 - 04:00

Niyə məhz elektron ödəniş?

Son illərdə həyatımıza daxil olan elektron xidmətlərdən biri də elektron ödəniş sistemləridir. Bu ödəniş sistemləri malların, iş və xidmətlərin

Niyə məhz elektron ödəniş?

Son illərdə həyatımıza daxil olan elektron xidmətlərdən biri də elektron ödəniş sistemləridir. Bu ödəniş sistemləri malların, iş və xidmətlərin

6 iyul 2020 - 04:00

Son illərdə həyatımıza daxil olan elektron xidmətlərdən biri də elektron ödəniş sistemləridir. Bu ödəniş sistemləri malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi üçün istifadə edilən ödəniş alətidir. Maraqlıdır, ölkəmizdə o qədər olmasa da, dünyada geniş yayılmış bu alət yalnız kommersiya məqsədlidir, yoxsa, onun başqa əhəmiyyəti də var? Ümumiyyətlə, elektron ödənişlərdən niyə istifadə edirik və ya etməliyik?

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda hələ 2001-ci ilin əvvəllərində Real Vaxt Rejimində (onlayn) Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə verilib. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə imkan yaranıb. 2002-ci ilin sonlarından etibarən isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi yaradılaraq istifadəyə verilib. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları aparan qurumların Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılıb. Daha sonra Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi ilə bu proses daha da genişləndirilib. Buradan irəli gələrək 2005-ci ildən əmək haqlarının, pensiyaların və sosial müavinətlərin plastik kartlarla verilməsi və bankomat şəbəkəsinin yaradılması prosesi sürətləndirilib, 2006-cı ildən satış nöqtələrində POS-terminalların quraşdırılmasına başlanılıb. Həmçinin 2008-cı ildən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) istismara verilməsi ilə abonentlərə istənilən ödəniş xidməti nöqtəsində (bankların və “Azərpoçt” Dövlət Müəssisəsinin filial, şöbə, xidmət bölmələri) kommunal xidməti borcları ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, “İnternet Banking”) vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradılıb.

Bir sözlə, bütün bunlar Azərbaycanda elektron ödəniş imkanlarının yaradılmasına xeyli müddət bundan əvvəl başlanıldığından xəbər verir. Hazırda isə bu proses elektron ödənişlərin yeni üsullarının inkişafı və ümumilikdə sistemin daha təhlükəsiz fəaliyyəti istiqamətlərində davam etdirilir.

Elektron ödənişlər əhaliyə vaxta qənaət, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qorunmaq, saxta əskinaslarla hesablaşmamaq, internet üzərindən mal almaq və ya kommunal xərcləri ödəmək imkanları yaradır. Həmçinin ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşma riskinin aradan qaldırılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması üstünlüyü verir. Məsələn, çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin ölkə daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyət olmadan 24/7 rejimində ödəniş etmək mümkündür. 219 qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişlərini “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

“Visa” şirkətinin Cənub-Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Vera Platonova isə hesab edir ki, insanları kartdan istifadəyə sövq edən bir sıra amillər var ki, bunlardan birincisi müvafiq infrastruktur, ikincisi kartların nəqliyyatda və digər sosial sahələrdə qəbul edilməsi, üçüncüsü isə kartla ödənişin qazandırdığı üstünlüklərdir. Digər tərəfdən, elektron ödənişlər sistemi pul dövriyyəsinin həcminin artırmaqla həm də bankların kapital ehtiyatlarının artırılmasına böyük təsir edir. Çünki elektron ödəniş sistemlərinə məhz banklar xidmət göstərir və bütün vəsaitlər banklarda dövr edir. Bu vəziyyət bankların aktivlərinin artmasına, gəlirlilik səviyyəsinin yüksəlməsinə və ən önəmlisi ucuz kredit qaynaqları əldə etməsinə imkan verir. Bu isə öz növbəsində, bank sisteminin resurs bazasının genişlənməsinə, faiz dərəcələrinin azalmasına, iqtisadiyyata kapital qoyuluşu imkanlarının çoxalmasına şərait yaradır və nəticədə iqtisadi artımı sürətləndirir.

Elektron ödənişlər, eyni zamanda, makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır ki, bu da kölgə iqtisadiyyatının səviyyəsinin azalması deməkdir. Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanovun sözlərinə görə, nağdsız ödəmələrin 10 faiz artması kölgə iqtisadiyyatının 5 faiz azalmasına şərait yaradır.

Bu məqsədlə indiyədək bir sıra qanunvericilik aktları qəbul edilib. Eyni zamanda, Vergi Məcəlləsinə dəyişikliklər edilərək nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatları bu qaydada həyata keçirən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb edilməsi üzrə müvafiq maddələr əlavə olunub. Həmçinin, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan gözləntilər ondan ibarətdir ki, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcəyi anlamına gəlir. Nəticədə bütövlükdə iqtisadi əməliyyatlarda nağd ödənişlərin payının 5 il ərzində 74 faizdən 40 faizə qədər azalacağı gözlənilir.

Hətta bir neçə aydır ki, tətbiqinə başlanılan ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) bir hissəsinin geri alınması mexanizmində üstünlük nağdsız ödənişlərə verilib. Belə ki, nağd əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 10 faizi məbləğində vəsaitin geri qaytarılması nəzərdə tutulsa da, nağdsız əməliyyatlar üzrə bu göstərici 15 faizdir. Lakin, araşdırmaların nəticələri onu göstərir ki, əhali istehlak xərclərinin əksər hissəsini nağd formada həyata keçirir. Məsələ burasındadır ki, ölkədə 8,4 milyon ədəd plastik kartın olmasına baxmayaraq, Azərbaycanda onlardan əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə olunur. Ekspertlər bunu vergidən yayınmaya zəmin yaradan amillərin olması, bank xidmətlərinin çeşidinin azlığı və xərclərinin yüksəkliyi, əhalinin maliyyə savadlılığı səviyyəsinin yetərli olmaması, banklara və elektron ödəniş sisteminə ictimai inamın zəifliyi ilə izah edirlər.

Bununla belə Azərbaycan son illərdə MDB və Cənub-Şərqi Avropa regionunda nağdsız ödənişlərin artımı üzrə ən yüksək göstəricilərə malik ölkələrdəndir. “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroşun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda ödənişlərin məbləği əvvəlki ilə nisbətən 40 faiz, tranzaksiyaların sayı isə 41 faiz artıb.


Müəllif: Ceyhun Piriyev

0 Comments