Çağrı Mərkəzi

“MyGov”

"myGov” elektron hökumət portalı haqqında

"myGov” elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmışdır.

“myGov” portalının məqsədi reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edərək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.

“myGov” - qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalında (www.mygov.az) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş həmçinin, şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.

Portalın funksiyaları :

1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması.

“myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.

2. Məlumatlandırma və xatırlatma xarakterli bildirişlər.

Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.

www.my.gov.az portalı vasitəsilə vətəndaşın şəxsi kabinetinə aşağıdakı bildirişlər göndərilir:

• Ümumvətəndaş pasportları, sürücülük vəsiqələri və digər sənədlərin dəyişdirilməsi zərurəti barədə bildirişlər;

• Vətəndaşlara dair məlumatların yenilənməsi barədə bildirişlər;

• Etibarnamənin hüquqi statusundakı dəyişiklik barədə bildiriş;

• Sistemdəki dəyişikliklər və yeni xidmətlər barədə bildiriş;

3. Məlumatların digər qurumlara ötürülməsi.

Hazırda vətəndaş öz məlumatlarını arayış şəklində yükləyərək digər qurumlara ötürə bilir. Portalın tezliklə yeniləcək versiyasında vətəndaşın şəxsi kabinetinə müvafiq qurumlar tərəfindən sorğu göndərilə biləcək və yalnız vətəndaşın təsdiqindən sonra ona aid məlumatlar üçüncü tərəfə ötürülə biləcək.

4. Vətəndaşın qurumlara müraciət imkanı.

Şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyatı quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

5. Dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə.

Portala müxtəlif qurumların sistem və xidmətləri inteqrasiya olunub. Hər bir vətəndaş şəxsi kabinetinə daxil olaraq dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə edə bilir. Vətəndaşla bağlı sistemdə olmayan məlumatların inteqrasiyası istiqamətində digər dövlət qurumları ilə işlər davam etdirilir.

İlkin mərhələdə vətəndaşlar “myGov” portalından aşağıdakı elektron xidmətləri əldə edilə bilirlər:

• Vətəndaşların dövlət orqanlarına müraciət xidməti;

• "Elektron kənd təsərrüfatı" informasiya sistemi (4 alt sistem);

• Sığortaolunanın Tibbi Kabineti;

• Rabitə xidmətləri haqqında arayış;

• Mərkəzi Bankın elektron müraciətlər sistemi;

• Respublika Xammal və Əmtəə Birjasının “eHərrac” xidməti

• Tələbə-məzun dövlət elektron məlumat sistemindən çıxarış;

• Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış;

• Ümumvətəndaş pasportuna dair arayış;

• Yaşayış yeri haqqında arayış;

• Ailə tərkibi haqqında arayış;

• İş yerinə dair arayış;

•”İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna dair arayış;

• Verilmiş etibarnamələr haqqında məlumat;

• Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış;

• Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış;

• Sürücülük vəsiqəsi haqqında arayış;

• Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında arayış;

• Cərimələr haqqında arayış;

• “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilən bütün elektron ödəniş xidmətləri (rüsumlar üzrə xidmətlər, cərimələr üzrə xidmətlər, kommunal xidmətlər üzrə, və digər xidmətlər);

• Tenderdə iştirak etmək üçün elektron müraciət və s.

Digər dövlət xidmətləri vətəndaşların “myGov” şəxsi kabinetinə mütəmadi və mərhələli şəkildə əlavə ediləcək.


“MyGov” elektron hökumət portalı “e-Gov”-dan nə ilə fərqlənir:

1. “myGov” - şəxsi kabinet əsaslı ilk elektron hökumət portalıdır.

2. “myGov” - qabaqlayıcı hökumət konseptinə əsaslanaraq, vətəndaşlara proaktiv xidmətlər göstərir. Yəni, vətəndaş ona zəruri olan hər hansı xidmətə müraciət etmədikdə belə portal vaxtı çatanda vətəndaşın müraciət etməsi labüd olan xidmət haqqında ona bildirişlər göndərir.

3. Portalın tezliklə yenilənəcək versiyasında təkcə dövlət qurumlarının deyil, özəl şirkətlərin xidmətləri də vətəndaşlara təqdim ediləcəkdir. Beləcə, vətəndaş bütün xidmətləri, bir portaldan mərkəzləşdirilmiş qaydada əldə edəcək. Bu isə onların vaxtına və digər resurslarına daha çox qənaət etmiş olacaq.

4. Yeni versiyada həmçinin, vətəndaşa aid məlumatların hər hansı bir quruma ötürülməsi onun özü tərəfindən tənzimlənə biləcək;

5. Vətəndaş portalda apardığı bütün keçmiş əməliyyatları ilə bağlı məlumatları görə bilir.

"myGov" portalına giriş “ASAN Login” vahid giriş sistemi üzərindən həyata keçirilir.

Sistemə giriş üsulları ilə my.gov.az portalının “Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.

Videotəlimata keçid:

Portala Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi və digər qurumların informasiya sistemləri inteqrasiya olunub. Portalın əhatə dairəsinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən aşağıdakı portal və sistemlərə daxil ola bilir:

• Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi - “eAgro”

• Dövlət satınalmalarının vahid elektron portalı - “e-Satınalma",

• “Azərbaycan Respublikasının Mərkəzi Bankının “Elektron Müraciətlər” sistemi

• “ASAN ödəniş” sistemi

• Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “eSosial” sistemi

• Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının “eHərrac” sistemi

• Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi,

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidməti

• İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi “Daşınmaz əmlak məlumatlarım” xidməti

• Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS)

Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.