Çağrı Mərkəzi

“İcazələrin Alınması və Monitorinqi Sistemi”

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən Daxili İşlər Nazirliyi (DİN) birgə əməkdaşlıq əsasında ərsəyə gətirilmişdir. Sistem Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların fəaliyyət göstərməsi və evdən çıxmalarına dair icazələrin alınması üçün nəzərdə tutulmuşdur.

Dövlət və özəl təşkilatlar tərəfindən xüsusi karantin rejimi dövründə fəaliyyət göstərə bilməsi üçün öz əməkdaşlarına icazə əldə etmək icaze.e-gov.az portalı üzərindən nəzərdə tutulmuşdur. Portalda dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi tərəfindən əməkdaşların məlumatları qeydə alınır. Daha sonra məlumatlar sistem tərəfindən təsdiqlənərək Daxili İşlər Nazirliyinin aidiyyatı sisteminə ötürülür. Sistemin möhür səlahiyyətli istifadəçisi burada icazələrin cari statusunu görə və lazım gəldikdə onları redaktə edə və ya silə bilir. Bundan əlavə, dövlət və özəl təşkilatın möhür səlahiyyətli şəxsi sistem üzərindən ondan istifadə üçün digər şəxsə səlahiyyət verə və prosesləri asanlaşdıra bilir.

Dövlət təşkilatları və özəl təşkilatların möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalına “ASAN Login” vasitəsilə daxil olur. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə həyata keçirilir.

Çalışdığı təşkilat və ya qurum tərəfindən alınmış icazələrin statusuna vətəndaşlar www.mygov.az elektron hökumət portalına daxil olaraq şəxsi kabinetlərində baxmaq imkanına malikdirlər.

Xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların evdən çıxmalarına dair icazənin əldə edilməsi üçün isə 8103 SMS İcazə Sistemi tətbiq edilir. Sistem hər vətəndaşa bir gün ərzində limitli sayda icazə vermək, müvafiq kod və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin uyğunluğu məlumatlarını emal etmək, icazə üçün müraciətləri təsdiq və ya ləğv etmək funksiyalarına malikdir.

Vətəndaşlar istənilən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. Heç bir xidmət haqqı tələb etməyən SMS İcazə Sistemi göndərilən icazə mesajlarına cavabı 1 saat ərzində avtomatik olaraq göndərir. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir və vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər.

Vətəndaşların zəruri məqsədlərlə bağlı evdən çıxmaları üçün nəzərdə tutulan 8103 SMS İcazə Sistemində icazələrin məqsədinə dair 3 kod təyin edilib.

• 1 nömrəli kod təxüzirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində gündə bir dəfə olmaqla 3 saat ərzində verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

• 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. İcazə gündə 1 dəfə 3 saat ərzində verilir.

• 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. 3 nömrəli kodun istifadəsi üçün məhdudiyyətlər təyin edilmir.

Hər hansı koddan sui istifadə halı yarandıqda sistem tərəfindən istifadəçiyə icazənin qəbul edilməməsinə dair bildiriş göndərir.

Nümunə olaraq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etməyə dair icazə əldə etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları 2 AZE 1111111 məzmunlu SMS-i 8103 qısa nömrəsinə göndərməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.