Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Şəhidimiz Rəşad Mehdiyevin adına inşa edilən bulaq istifadəyə verilib

alarm Created with Sketch. 20-10-2021

Vətən müharibəsi şəhidi, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşı olmuş Rəşad Mehdiyevin adına Xırdalan şəhərində inşa edilən bulağın açılışı olub.

Bulağın açılış mərasimində şəhidin yaxınları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, EHİM-in direktoru Fariz Cəfərov, şəhidimizin döyüş yoldaşları, EHİM-in əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.

Qeyd edək ki, şəhidimiz Rəşad Mehdiyev EHİM-də təcrübə keçib. 2019-cu il 19 noyabr tarixindən etibarən isə Mərkəzin Data laboratoriyası departamentinin Data mühəndisliyi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

Hazırda Rəşad Mehdiyevin işini EHİM-də işə başlayan qardaşı Cümşüd Mehdiyev davam etdirir.

29 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsinə qatılan Rəşad Mehdiyev 2020-ci il 20 oktyabr tarixində Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

EHİM şəhidin xatirəsini yaşatmaq məqsədilə bir sıra tədbirlər görüb. Elektron Hökumətin İnkişafı Mərkəzinin Konfrans zalı şəhid Rəşad Mehdiyevin adını daşıyır. Mərkəzdə şəhidin anım gününə həsr edilən guşə yaradılıb.

Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə EHİM şahmat turnirini təsis edib. 2021-ci ildə ilk dəfə keçirilən turnirin hər il keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “ASAN xidmət”in 39 əməkdaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulub, onlardan iki nəfəri şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimizlə bağlı EHİM tərəfindən hazırlanmış videoçarx: https://youtu.be/oiHATIfOGCQ