İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Sloveniya Respublikasından və BMT-nin Sənaye İnkişafı Təşkilatından (UNİDO) olan nümayəndə heyəti ilə əməkdaşlıq müzakirə olundu

alarm Created with Sketch. 14-04-2023

13 aprel 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Sloveniya Respublikasından və BMT-nin Sənaye İnkişafı Təşkilatından (UNİDO) olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlmiləlləşdirmə, Sahibkarlıq və Texnologiya Direktorluğunun Beynəlxalqlaşdırma sektorunun müdiri Qreqor Umrek, Sloveniya İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlxalqlaşdırma şöbəsinin katibi Yanez Roqelij, UNIDO-nun Rəqəmsal Transformasiya və Süni İntellekt Strategiyaları, Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Departamentinin Sənaye İnkişafı Mütəxəssisi Fərrux Alimcanov, UNIDO-nun Rəqəmsal Transformasiya və Süni İntellekt Strategiyaları, Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Şöbəsinin layihə administratoru Oliver Outried iştirak edirdi.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən görüşdə sədr vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva, sədrin müavini Rəşad Xalıqov, İRİA sədrinin müşaviri Şahin Əliyev, İnnovasiya ekosistemləri departamentinin rəhbəri Yevgeniya Bikmurzina və Tərəfdaşlarla iş şöbəsinin baş mütəxəssisi Orxan Nəbiyev iştirak edib.

Görüş zamanı İnarə Vəliyeva İRİA-nın əsas fəaliyyət istiqamətləri, o cümlədən dövlət qurumlarının və sahibkarlığın rəqəmsallaşması, innovativ biznesə dəstək və insan kapitalının inkişafı sahəsində görülən işlər barədə qonaqlara məlumat verdi.

Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlmiləlləşdirmə, Sahibkarlıq və Texnologiya Direktorluğunun Beynəlxalqlaşdırma sektorunun müdiri Qreqor Umrek İRİA-nın fəaliyyətini yüksək qiymətləndirdi.

Cənab Umrek Sloveniya Respublikasının innovativ və rəqəmsal inkişaf sahəsinin əsas fəaliyyət istiqamətlərini bildirdi. Burada yaşıl iqtisadiyyata keçid, Avropa İttifaqının innovativ sənayelər birliyinin inkişafı və bu sahədə xarici ölkələrə bilik və bacarıqlarının ötürülməsi Sloveniyanın əsas prioritetidir.

Daha sonra Sloveniya İqtisadiyyat, Turizm və İdman Nazirliyinin Beynəlxalqlaşdırma Şöbəsinin katibi Yanez Roqelij Sloveniyanın xarici yardım siyasəti haqqında məlumat verərək UNİDO vasitəsilə Azərbaycanda rəqəmsallaşma və innovativ biznesin inkişafı istiqamətində yardım etməyə hazır olduqlarını bildirdi.

Daha sonra İRİA-nın binasında Sloveniyadan olan startaplarla Azərbaycanın startapları arasında ikitərəfli və çoxtərəfli görüşlər, gələcək əməkdaşlıqlarla bağlı razılıqlar əldə edildi.