İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023”də Azərbaycandankı innovasiya ekosistemləri barədə çıxış etdi

alarm Created with Sketch. 17-03-2023

16 oktyabr 2023-cü il tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023” çərçivəsində keçirilən “İnnovasiya və sahibkarlıq – Güc sessiyası” panelində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemləri departamentinin rəhbəri Yevgeniya Bikmurzina agentliyin fəaliyyəti barədə çıxış etdi. O, rəqəmsal savadlılığın artırılması, rəqəmsal transformasiya barədə, xüsusilə də özəl sektora, ekosistem oyunçularına göstərdiyi dəstək barədə panel iştirakçılarına məlumat verdi.

Departament rəhbəri öz çıxışında Azərbaycanın əsas strateji inkişaf məqsədlərinə toxunaraq, prioritet sahələr arasında innovasiya ekosistemlərinin gənc olduğunu və onların dəstəklənməsində agentliyin stimul mexanizmlərini iştirakçıların diqqətinə çatdırdı.

Yevgeniya Bikmurzina agentliyin dövlət, özəl sektor və akademik iştirakçılar arasında tərəfdaşlığın qurulması məqsədi ilə koordinasiya rolunu oynadığını və bunun uğurla həyata keçirdiyini iştirakçılara təqdim etdi.

O, Azərbaycanın innovasiya və sahibkarlıq sahəsində dünyanın aparıcı ölkələrinin bilik və təcrübələrinin mənimsəməsinə ehtiyac olduğunu, agentliyin bu paneldə “İnnovasiya və Sahibkarlıq Alyansından” məhz bu sahədə dəstəyin göstərilməsini gözlədiyini bildirdi.

Qeyd etmək istərdik ki, “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023” inkişaf etməkdə olan İnformasiya və elm cəmiyyətlərini nəzərə alaraq, yeni yaranan tendensiyaları müəyyən etməklə və iştirakçılar arasında tərəfdaşlıqları gücləndirməklə yanaşı, məlumat mübadiləsi, biliklərin yaradılması və ən yaxşı təcrübələrin mübadiləsi üçün imkanlar yaradır.

Forumda 100-ə yaxın ölkənin rəqəmsal inkişaf, yüksək texnologiyalar, telekommunikasiya nazirləri, nazir müavinləri, digər dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilatlar, yüksək texnologiyalar üzrə ixtisaslaşan transmilli korporasiyalar və digər qeyri-dövlət nümayəndələri iştirak edir.