Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM yerli icra hakimiyyətlərilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

alarm Created with Sketch. 16-06-2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) yerli icra hakimiyyətləri ilə növbəti onlayn görüş keçirib. Görüşdə “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı üzrə yerli icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi, portalın inkişafı ilə bağlı gələcək perspektivləri, mövcud problemlər və onların həlli istiqamətində atılan addımların müzakirəsi aparılıb. Görüş zamanı, həmçinin, yerli icra hakimiyyəti orqanlarının rəy və təklifləri toplanılıb.

31 may tarixindən başlayaraq indiyə qədər 40 yerli icra hakimiyyəti ilə görüş keçirilmişdir. Görüşlər Quba-Xaçmaz iqtisadi rayonu, Lənkəran-Astara iqtisadi rayonu, Gəncə-Daşkəsən iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu, Mərkəzi Aran iqtisadi rayonu, Mil-Muğan iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Şirvan-Salyan iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu, Qazax-Tovuz iqtisadi rayonu, Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu da daxil olmaqla, ümumilikdə, 77 yerli icra hakimiyyəti orqanını əhatə edir.

Rih.gov.az portalı 2021-ci ilin noyabr ayında 3 regionda (Quba, Gəncə, Masallı) pilot layihə kimi vətəndaşların istifadəsinə verilmiş və artıq 28 fevral 2022-ci il tarixindən bütün respublika ərazisində fəaliyyətə başlamışdır. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsi kimi məqsədlərə hədəflənib.

2022-ci ildə EHİM tərəfindən bütün yerli icra hakimiyyətləri üçün onlayn formatda təlimlər keçirilib. Vətəndaşlar “ASAN Login” vasitəsilə rih.gov.az-a keçid etməklə, portalın yaratdığı bütün imkanlardan istifadə edə bilərlər.

Təlimat videosu: https://youtu.be/UsvmhU9w3eI