Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

alarm Created with Sketch. 11-05-2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) yerli icra hakimiyyətləri ilə görüş keçirib. Görüşdə “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı üzrə yerli icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi, portal çərçivəsində görülən işlərin genişləndirilməsi, yaranan problemlərin araşdırılması və həll edilməsi, rəqəmsal savadlılığın ölçülməsi kimi mövzular müzakirə olunub. Bununla yanaşı görüşdə xidmətlərin dizaynı ilə bağlı geniş müzakirələr aparılıb, bu istiqamətdə icra hakimiyyətlərinin rəy və təklifləri nəzərə alınıb.

Rih.gov.az portalı 2021-ci ilin noyabr ayında vətəndaşların sərəncamına verilib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsi kimi məqsədlərə hədəflənib.

Portalda vətəndaşlar üçün bir sıra modullar yaradılıb:

• Xidmətlər modulu vasitəsilə vətəndaşlar müxtəlif xidmətlərə, o cümlədən yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərə elektron qaydada müraciət edə bilərlər;

• Vətəndaş qəbulu modulu vasitəsilə vətandaşlar müvafiq yerli icra hakimiyyəti orqanı ilə onlayn və ya yerində görüş üçün müraciət edə bilərlər;

• E-iştirakçılıq modulu vasitəsilə vətəndaşlar tərəfindən təşəbbüs göstərilərək yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətləri çərçivəsində ictimai aktual mövzular üzərində sorğular yaradıla bilər. Yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra vətəndaşlar bu sorğu üzərində səs vermə təşkil edə bilərlər;

• Məlumatlandırma modulu vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkündür.

2022-ci ildə EHİM tərəfindən bütün yerli icra hakimiyyətləri üçün onlayn formatda təlimlər keçirilib. Hazırda bütün icra hakimiyyətləri portala inteqrasiya olunub. Vətəndaşlar “ASAN Login” vasitəsilə rih.gov.az-a keçid etməklə, portalın yaratdığı bütün imkanlardan istifadə edə bilərlər.

Təlimat videosu: https://youtu.be/UsvmhU9w3eI