Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM Qazaxıstanda keçirilən AICT 2018 tədbirində təmsil olunmuşdur.

alarm Created with Sketch. 25-12-2018

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları 17-19 oktyabr 2018-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 12-ci “Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi - 2018” (AICT 2018) adlı elmi konfransında iştirak ediblər.

Bu il 12-cisi keçirilən konfrans Kazakh-British Texniki Universiteti, Al-Farabi Kazakh Milli Universiteti, Süleyman Demirel Universiteti, ADA Universitetinin birgə təşkilatçılığı və Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) dəstəyi ilə baş tutmuşdur.

Təqdim edilmiş məqalələr ən müasir texnologiya, standartlaşdırma, məhsul tətbiqi, davam edən tədqiqat layihələri və İKT-nin tətbiqi məsələlərini əhatə etmişdir. Konfrans onlarla ölkədən müxtəlif tədqiqatçıları, akademikləri və ekspertləri cəlb edərək İKT-nin elm və tədqiqatda, biznes və administrasiyada, sənayedə, idarəetmədə, səhiyyə və sosial elmlərdə tətbiqindəki yenilikləri paylaşmaq, mübadilə və təbliğ etməyə hədəflənmişdir.

Konfransda Mərkəzin Data Mühəndisliyi və Analitika departamentinin əməkdaşları – Samir Məmmədov və Ümid Süleymanov “Azərbaycan dili üçün Təbii Dilin Emalı” mövzusunda olan tədqiqat işlərinin nəticələrini təqdim etmişlər. Tədqiqat işlərinin əsas məqsədi Azərbaycan dilində verilmiş mətndəki sözlərin nitq hissələrinin Maşın Öyrənməsi (Machine Learning) üsulları tətbiq edilərək avtomatik təyin edilməsini özündə ehtiva edir.

AICT 2018 Beynəlxalq Konfransı İKT-nin təhsildə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan müxtəlif ölkələrdən olan yüzlərlə elm adamlarını bir araya gətirir. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli, 1885 nömrəli Fərmanı ilə yaradılan, ölkədəki elektronlaşmış sahələri özündə birləşdirən vahid qurumdur.

Qeyd edək ki, Mərkəz tərəfindən Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Wifi və digər elektron və rəqəmsal layihələrin fəaliyyəti həyata keçirilir. Mərkəz bu istiqamətlərdə Maşın Öyrənməsi metodu ilə tətqiqatlar aparır və ciddi nəticələr əldə edilmişdir.