Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM nümayəndə heyəti Ankara şəhərinə səfər edib

alarm Created with Sketch. 25-12-2018

26-29 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndə heyəti Ankara şəhərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkil etdiyi tədbirdə iştirak edib.

Yeni texnologiyaların tətbiqi, elektron hökumət sistemləri, proqramlaşdırma sahəsinin inkişafı, səhiyyə və sosial sahələrdəki yeniliklər tədbirin mövzuları olubdur.

Tədbir çərçivəsində Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi tabeliyindəki elektron hökumət portalı olan “e-Devlet”i idarə edən TÜRKSAT təşkilatının nümayəndələri ilə müxtəlif mövzularda görüşlər keçirilib.

Hər iki tərəf dövlət xidmətlərinin elektronlaşması sahəsindəki təcrübələrini bölüşüb. Görüşlərdə Azərbaycan və Türkiyə arasında elektron hökumət sahəsi üzrə əməkdaşlıqlar müzakirə edilib. Ortaq xidmətlərin yaradılması, data sahəsi üzrə əməkdaşlıqlar, biometrik şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması və vətəndaşların ortaq yaradılmış xidmətlərdən yararlanması üçün müvafiq işlərin görülməsi müzakirə edilib. Görüşlər zamanı Türkiyənin qabaqcıl dövlət xidmətlərinin altsistemləri öyrənilib və xidmətlərin elektronlaşması sahəsindəki proseslər izlənilib.

Həmçinin səfər çərçivəsində Türkiyə Respublikası Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Ticatət Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Əmlak və Kadastr İdarəsi və digər qurumların nümayəndələri ilə də görüşlər keçirilib, sosial, səhiyyə, təhsil və digər sahələrdə elektron xidmətlərin tətbiqi müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli, 1885 nömrəli Fərmanı ilə yaradılan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs, ölkədəki elektronlaşmış sahələri özündə birləşdirən vahid qurum olaraq hazırda bu sahələr üzrə beynəlxalq praktikanın araşdırılması və tətbiqi üzrə fəaliyyət göstərir.