Çağrı Mərkəzi

EHİM-in direktoru beynəlxalq vebinarda çıxış edib

alarm Created with Sketch. 10-06-2020

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov “Rəqəmsallığın Afrikanın Yerli İdarəçiliyində Üstünlüyü və Yeri” mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak edib.

     Vebinarda Fransa, İspaniya və Afrika ölkələrinin yerli idarəetmə orqanlarının nümayəndələri, hökumət rəsmiləri, özəl sektor, beynəlxalq təşkilatlar və elm sahəsindən olan nümayəndələr iştirak ediblər. Panellər zamanı BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət şöbəsinin, “Dünyanın ağıllı və dayanıqlı şəhərləri” təşkilatının (WeGo), Barselona şəhərinin Rəqəmsal İnnovasiyalar və e-xidmətlər üzrə cavabdeh bölməsinin müxtəlif ekspertləri çıxış ediblər.

     Vebinarda COVID-19 pandemiyası dövründə şəhərlərin yenidən bərpa olunması istiqamətində atılan addımlarda rəqəmsallığın rolu, dövlətin strateji planlarında rəqəmsallığın yeri, rəqəmsallaşma ilə bağlı üzləşilən əsas problemlər müzakirə edilib. Həmçinin nəzarətdən çıxmış urbanizasiya nəticəsində yaranan dövlət xidmətləri probleminin rəqəmsallaşma vasitəsilə həlli məsələsi də diqqət mərkəzində olub.

     EHİM-in direktoru Fariz Cəfərov tərəfindən bu istiqamətdə strateji yol xəritələrinin hazırlanması üsulları, elektron hökumətin inkişafı mərhələləri, vətəndaşlara rəqəmsal formada təqdim edilən elektron xidmətlər və Azərbaycanda rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Fariz Cəfərov tədbir iştirakçılarına “ASAN xidmət”, Azərbaycanda rəqəmsallaşma sahəsində görülmüş işlər, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan “İcazələrin Alınması və Monitorinqi Sistemi” haqqında geniş təqdimat edilib.

    Müzakirələr elektron idarəçilik, rəqəmsallaşma, “Ağıllı şəhər” (Smart City) proqramlarının inkişafı mövzularında davam etdirilib. Bu mövzuların 16-cı Dayanıqlı İnkişaf Məqsədi ilə necə əlaqələnməsi də vurğulanıb.

    Beynəlxalq vebinar nəzarətdən çıxmış urbanizasiya nəticəsində yaranan dövlət xidmətləri probleminin rəqəmsallaşma vasitəsilə həllinə fokuslanıb. Ümumi məqsəd “Rəqəmsal Mərakeş” (“Digital Morocco”) proqramının necə inkişaf etdirilməsi və Mərakeşin “Rəqəmsal Regional Hub” kimi faydasının təşviqindən ibarət olub. 

     Tədbir Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatı (UCLG-Africa), Afrika Yerli İdarəetmə Orqanları Akademiyasının təşkilatçılığı, Avropa Kommisiyasının isə dəstəyi ilə keçirilib.