Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM beynəlxalq rəqəmsal sammitdə iştirak edib

alarm Created with Sketch. 15-03-2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov dünyanın rəqəmsal liderlərinin iştirakı ilə təşkil olunan “Rəqəmsal Sammit 2021”də təqdimatla çıxış edib.

Onlayn rejimdə təşkil olunan beynəlxalq tədbirdə Azərbaycanda süni intellektin formalaşması istiqamətində görülən işlər, o cümlədən məlumatların toplanması və Fərdi İdentifikasiya Nömrəsi əsasında emalı, vahid mənbə reyestrinin yaradılması, məlumatların çarpazlaşdırılması və təhlili, maşın öyrənməsinin tətbiqi və digər istiqamətlər haqqında ətraflı məlumat verilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan Elektron Hökumət İnformasiya Sisteminin dövlət – vətəndaş (G2C), dövlət – biznes (G2B), dövlət – dövlət (G2G) formatında fəaliyyət göstərdiyi bildirilib. “ASAN xidmət” təcrübəsi, həmçinin “ASAN Login”, “ASAN Bridge” “ASAN bot” layihələri haqqında geniş məlumatın əks olunduğu təqdimat sammit iştirakçılarının böyük marağına səbəb olub.

Qlobal Hökumət Forumu tərəfindən Böyük Britaniya hökumətinin rəqəmsal xidmətlər üzrə sabiq baş direktoru Kevin Kaninqtonun moderatorluğu ilə təşkil olunan “Rəqəmsal Sammit 2021” rəqəmsal texnologiyaların müzakirə olunduğu ən mötəbər və nüfuzlu platformalardan biridir. Sammit dövlət sektorunun rəqəmsal transformasiyası sahəsində mövcud imkan və çağırışların açıq müzakirəsi üçün sektor liderlərini bir araya toplayır. Builki tədbir çərçivəsində “pandemiyada nəyi öyrəndik?”, “məlumatlardan istifadə etməklə vətəndaş, hökumət və hakimiyyətin inkişafı”, “süni intellektin dövlət xidmətlərində istifadəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.