Azərbaycan dili
Çağrı Mərkəzi

ASAN xidmətin "Qadın İştirakçılığı Proqramı"nı tamamlamış əməkdaşları Estoniyada səfərdə olublar

alarm Created with Sketch. 05-11-2019

"ASAN xidmət" mərkəzlərində USAID-in dəstəklədiyi "Qadın İştirakçılığı Proqramı"nı tamamlamış 7 qadın əməkdaş, layihə planına uyğun olaraq, 21-25 oktyabr tarixlərində elektron hökumət və rəqəmsal xidmətlər sahəsində mühüm uğurlar əldə etmiş Estoniyaya səfər ediblər. Səfər zamanı "ASAN xidmət"in qadın nümayəndələri startap mərkəzləri, innovasiya və startap ekosistemi, ağıllı şəhər təşəbbüsləri və digər İKT siyasəti, eləcə də rəqəmsal transformasiya strategiyası ilə əlaqədar bölmələri ziyarət ediblər. Təcrübə mübadiləsi proqramına "ASAN xidmət" mərkəzlərinin, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzinin qadın əməkdaşlarından ibarət nümayəndə heyəti qatılıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində Estoniyanın Elektron İdarəçilik Akademiyasının direktoru ilə, həmçinin Estoniya İnformasiya Texnologiyaları və Telekommunikasiyalar Assosiasiyasında, “Aktors” proqram təminatı şirkətində, İqtisadi Məsələlər və Kommunikasiyalar Nazirliyində, Estoniya Brifinq Mərkəzində görüşlər keçirilib. Bundan başqa, Qadın İştirakçılığı Proqramının (QİP) "ASAN xidmət"dən olan nümayəndə heyəti üçün Estoniya parlamentinə ekskursiya təşkil olunub, iştirakçılar Garage 48, Tallin şəhər ofisi, Tallin Texnologiya Universiteti və SMART Kampusda görülən işlərlə tanış olublar.

Qadın İştirakçılığı Proqramı (QİP) qadınlarla bağlı məsələlər üzrə ictimai məlumatlandırma kampaniyası aparmaqla Azərbaycanda qadınların statusunu yaxşılaşdırmaq və sosial-siyasi proseslərdə daha çox qadın iştirakını təmin etmək üçün onların səlahiyyətləndirilməsini nəzərdə tutur. “Counterpart İnternational” Beynəlxalq Təşkilatının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkədə kiçik və rəqəmsal sahibkarlığın inkişafı üçün qadın bacarıqlarını artırmaq, qadınlarla bağlı vacib məsələlər üzrə ictimai məlumatlandırma aparmaqla ictimai-siyasi və qərar qəbuletmə proseslərində daha çox qadının iştirakını dəstəkləmək və Azərbaycanda zərif cinsin nümayəndələrinin ictimai-iqtisadi statusunu gücləndirməkdir.