Çağrı Mərkəzi

“ASAN Viza” Bakı Beynəlxalq Dəniz Ticarət Limanında viza verəcək

alarm Created with Sketch. 16-12-2019

Əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasından ibarət olan “ASAN Viza” sistemi vasitəsilə Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün viza verilməsinə başlanılıb. Sözügedən faəliyyətin təmin edilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında viza rejiminin sadələşdirilməsi haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 12 fevral tarixli qərarı ilə təsdiq edilmişdir.

Artıq hər iki dövlətin ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) “ASAN Viza” sistemi vasitəsilə elektron viza əldə edə bilirlər. Xatırladaq ki, 2018-ci ildə rekord sayda, 47000 sərnişin Bakı Limanı vasitəsi ilə ölkə ərazisinə daxil olublar. Qeyd olunan sərnişinlərin əksəriyyəti Türkmənistan vətəndaşları olublar.

"ASAN Viza” sistemi vasitəsilə indiyədək 1 842 000-dən çox viza verilmişdir. Bu vizaların 34 %-i Azərbaycanın beynəlxalq hava limanlarında müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür.

2019-cu ilin ilk 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39% daha çox, yəni 869 905 viza verilmişdir. “ASAN Viza” ilə Azərbaycana səfər edən bu əcnəbilərin 82%-i səfər məqsədini turizm olaraq qeyd edib.

Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıq, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.