Azərbaycan dili
Çağrı Mərkəzi

Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları “NASA Space Apps Azerbaijan” hakatonunda uğur əldə ediblər

alarm Created with Sketch. 23-10-2019

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, Lenovo şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin sponsorluğu ilə dünyanın ən nüfuzlu yarışlarından biri hesab olunan “NASA Space Apps” hakatonu (hakaton müəyyən bir ortaq fikrə sahib insanların bir araya gəlib verilən müddət ərzində innovativ ideyanı reallaşdırmasıdır) keçirilib. Kosmik sahədəki ideyaları dəstəkləyən “NASA Space Apps Azerbaijan” hakatonunda ölkənin müxtəlif dövlət qurumu və təşkilatlarından, özəl şirkət və təhsil müəssisələrindən 50-dək komanda qeydiyyatdan keçib. İştirak hüququ qazanmış 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Belə ki, birinci yerin qalibi “ICARUS”, ikinci yerin qalibi “SpaceSetup”, üçüncü yerin qalibi isə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşlarından ibarət “Ulduz Station” komandası olub. "Welcome back" və "October sky" komandaları isə "INNOLAND"də 6 aylıq İnkubasiya proqramı keçmək şansı əldə ediblər.

Qeyd edək ki, “NASA Space Apps Azerbaijan” hakatonunun Azərbaycanda keçirilməsinin əsas məqsədi Yeri və kosmosu anlamaq təcrübəsini qazanmaq, planetdə baş verən iqlim dəyişiklikləri və onların canlı aləmə təsirini araşdırmaq, kosmik sahənin tədqiqində Azərbaycan gənclərinin potensialını üzə çıxarmaq və Azərbaycanın Kosmik Proqramının uğurla həyata keçirilməsi istiqamətində yeni nəsil gənclər (Space generation) yetişdirməkdir.